“Deyir,
basdı üçtelli zurna… bağışlayın, sazını sinəsinə, görəh nə dedi.
Dedilər, əyə,
aşıx, səs eləmə.
Dedi, ə, namərd yağı, tutma məni, deyəjəm! Aşıx gördüyünü
çağırar, əlqərəz…”
Baxıb görürəm ki, axır vaxtlar bəzi
ağzıgöyçəklər yaman daraşıblar bizim millətin genofond daşıyıcıları olan xalq
artistlərinin canına, o ki var döşəyirlər. Heç utanıb qızarmırlar da. Daha
demirlər ki, bizim xalq artistləri sadəcə məclisdə, toyda-yasda söz deyə bilən
hörmətli korifeylər deyilər, sadecə sənətimizin görkəmli nümayəndələri,
xalqımızın başbiləni, millətimizin ağsaqqalı deyil, eyni zamanda bizi gözü
götürməyən amerikalı-avropalının ağzının bağı, gözünün dağıdırlar! Hətta, lazım
gəlsə, ölkəmizdən qıraqda da bəzi prosesləri də əngəlləməyə qadirdirlər! Gözünü döyüb
inanmayan, kənara arsız-arsız hırıldayan saqqallı uşaq-muşaqlar gözünə su
versinlər deyə, sizlərə bir görkəmli sənətkarımızdan danışacağam. Elə bir ağır kişidən
ki, sözü sadəcə Azərbaycanda deyil, hətta və hətta qardaş Türkiyədə də kəsərli olaraq, bəzi
proseslərə təsir etmişdir! Necə? İnanmırsanız, onda qulaq asın…
Biri var imiş, biri yox imiş, bir xalq
artisti var imiş. Bası daz, yekəqarın, döşü ordenli, professor müəllim, korifey
sənətkar, ağsaqqal bir kişi imiş.
Televizorda millətə, kabinetində tələbələrə sahib çıxan kişi. Hətta o qədər
sahib çıxan ki, bir gün evində cavan gəlininin əyilib döşəməni yuduğunu gördüyü zaman ürəyi dözməyib, onu da
arxadan qucaqlayıb bir az sahib çıxmaq istəyib, amma ağlıdayaz gəlin bunu anlamayıb, çırpıb çırkli döşəmə əskisini
o boyda kişinin başına. Axı nə bilsin bu dərrakəsiz gəlin ki, kişinin meyli başqadır,
ona xalqımızın qədim tarixindən, sənətimizin nüanslarından bəhs etmək istəyib…
Yox əşşi, bunlardan adam olmayacaq, xülasə.
Günlərin bir günü, gözəl 90-cı illərin
ortalarında, ölkəmizin orkest(i)rlərindən birisini göndəriblər qardaş Türkiyəyə
qastrola. Bizim bu ağırbatman korifeyimizi də kollektivin başbiləni təyin ediblər
ki, gedib orada musiqiçilərə nəzarət eləsin, yaramazlıq görərsə, təcili aradan
qaldırsın.
Hə, canım sizə desin, bildiyiniz kimi,
konsertlər axşam vaxtı olur, ona görə də musiqiçilərin şam yeməyi vaxtı
konsertdən sonraya qalır. Qastrol təşkilatçıları da iştah kəsmək üçün konsertdən
əvvəl musiqiçilərə dönər paylamaq qərarına qəliblər ki, şam yeməyinə qədər
camaatın qarnı acından “ləzginka” çalmasın. Aydın məsələdir ki, dönərləri də
orkestr günorta məşq eləyəndə veriblər bizim başbilənimizə, xahiş ediblər
paylasın. Korifey sənətkarımız da açıb torbaları, baxıb görüb ki, vaay, burada
nə qəşəng plastik çəngəl-bıçaq, salfet, sellofan paket var? İndi gəl sən
bunları götür apar, o görməmiş uşaq-muşağa ver ki, nə var-nə var konsert
çalacaq? Əşşi, cəhənnəmə çalsın konsertini, yeməsə də çalar! Bunlar nə bilir plastik
çəngəl nədi? Ata-babasının evində … yeyib- çalıb ?! Konsert… Gözüm aydın!
Nə isə, nə başınızı ağrıdım, gözünə
döndüyüm başbilənimiz götürüb aparıb dönərləri oteldə otağına, yerbəyər eləyib,
bəzilərini həzm-rabedən keçirib, o birilərini də qoyub qırağa, dar gündə lazım
olar deyə. Bir gün belə, iki gün belə, dönərlər gəlhagəldə, musiqiçilər ləhləyə-ləhləyə
çalmaqda, amma özünüz də bilirsiniz ki, acın dini-imanı olmaz, korifey-filan da
tanımaz, o ki qaldı orkestrant ola. Bir neçə gün sonra bu utanmaz orkestrantlar
gedib arsız-arsız türklərdən soruşublar ki, axı siz niyə bizə yemək vermirsiz?
Bunlar da təəccüblə qayıdıb ki, bəs “hocanız size dönerleri vermiyor mu?” Bax, burada
gərək insanın mərifəti ola, barmağını dişləyə, səsini çıxartmaya. Axı, ay
musiqiçi, sənə nə lazımdı? Səni Türkiyəyə gətiriblər? Axşam yeməyini verirlər?
Gül kimi avtobuslarda gəzirsən (“gözüvə girsin sənin o avtobus, atovun evində
elə avtobus görmüsən”)? Oteldə yaşayırsan? Daha sənə nə lazımdı, bala, dönər
lazımdı sənə?! Bir başa düş dəə, kiri otur yerində! Amma, yox. Musiqiçidən
qanacaq, mərifət gözləmə. Bu orkestrantlar, daha doğrusu manikürlü-pomadalı nərmənazik
(“ruskoyazıçnı”) xanımcığazlar utanmadan gediblər hörmətli ağsaqqalımızın
yanına ki: ”A-aa, Filankəs məəliiim, bəs bizim dönərlərimiz hanııııı??” Burada
yaxşı deyiblər ki, dinsizin öhdəsindən imansız gələr. Gözünə döndüyüm sənətkarımız da elə
o saat cavab verib ki, “odur e, mənim otağımda, geri dönəndə birdən yolda ac
qalmayasınız deyə, gizlətmişəm. Gedin, götürün”. Bu manikürlü qızlar da eyləmə
tənbəllik, gedib açıblar torbaları, görüblər ki, dönərlər artıq çürümək üzrədir,
iy verir. Kor-peşman dönüblər geri. O otel nömrəsindəki dönər torbalarının sayı
indiyə kimi məchul qalır. Bəzi səlnaməçilər otaqda 100, bəziləri 150, bəzi təxəyyülü
xüsusilə geniş olanlar isə 250 dönərin var ola biləcəyini təxmin edirlər.İndi
gör 150 dənə iy verən dönərin təravətli ətri arasında bir neçə gün yatmaq hansı özündən deyən kişinin hünəridir?
Papaq altında oğullar var!
Hə, söhbətin bu yerinə qədər türklər
korifey sənətkarımızın kəramətlərindən bixəbər idilər. Amma ağsaqqalımız da elə-belə
adam deyil, beynəlxalq proektlərə imza atmaq üçün sinov gedənlərdəndir. Görək
gözünə döndüyüm neyləyib.
Əhvalatın vaqe olduğu 90-cı illər
texnologiyanın, komfortun sürətlə inkişaf etdiyi zamanlar idi. Türklər də özlərini
“məhəllədə sözü keçən iki kişidən biri” kimi göstərmək üçün bərk maya buraxıb, qəşəng,
parıldayan, içində tualeti olan avtobuslardan almışdılar. Və qardaş azəri
xalqının orkest(i)rini daşımaq üçün bu
avtobuslardan gətirmışdilər. Qardaş azəri xalqının xalq artisti də bu avtobusda
hörmətli yerdə gedirdi… ta ki, bir gün qəflətən gözü qəşəng, parıldayan maşının
tualetinə sataşana qədər. Görənlərin xəbəri
var, bu tualetlər daha çox butaforik xarakter daşıyır, südəmər uşaqların altını
dəyişdirməyə-filan, uzaqbaşı əl-üz yumağa yarayır, ciddi təməl ehtiyacları yola
vermək üçün nəzərdə tutulmayıb. Yarım metrə genişliyi, kartonpyer qapısı,
miniatür unitazı olan bu məkanın çox zaman heç suyu da gəlmir. O zamanlar bu
servisi olan avtobuslar modanın son sözü idi.
Dediyim kimi, günlərin bir günü modanın bu
“son sözünü” xalq artistimiz görüb. Bir
neçə saat sürən səyahət zamanı fürsət tapıb, avtobusun dayanmağını gözləmədən,
alıcı quş kimi alıb tualetin başının üstünü. Deyilənə görə, tərs kimi o gün də
tualetdə su gəlmirmiş. Amma qadasını aldığım heç bir şeyi vecinə almadan orada
kəmali-ədəblə oturub, gözəlcə bir … ee, necə deyərlər, böyük bayıra çıxıb. Daha
əvvəl də izhar etdiyim kimi, tualetin karton qapısı nə fizioloji səslərin, nə də
naxoş qoxuların qarşısını almağa qadir olmadığı üçün, bir azdan avtobusdakı
manikürlü xanımların arasına vəlvələ düşüb. Sürücü müavini hövlanak gedib
qapını döyəndə (“abi, ne yapıyorsun?!”), içəridən korifey sənətkarımız çıxıb ədəb-ərkanla
yerinə keçib. Nə sözü uzadım, nərmənazik xanımlar özündən getməsin deyə (”oy, mamoçki,
fuu…!”) avtobusu dayandırıblar, müavinlər camaatı düşürdüblər (“şerefsiz ne
yapmış…”), yerə-göyə iki-üç balon
aerozol fısqırdıblar, şofer ventilyator/kondisionerləri var gücü ilə işləməyə
qoyub. Həngamə böyümədən məsələni birtəhər yola veriblər, amma o gün bu gündür,
Türkiyədə tualetli avtobus görən olmayıb. Neoplan var, texnobüs var, amma
tualet yoxdur.
Beləliklə, hörmətli ağzıgöyçəklər, bilin və
ağah olun ki, xalq artisti deyilən hörmətli zatlarda kəramət böyükdür! Bu
insanlar anlamadığınız hərəkətlərilə nəinki incəsənət, hətta iqtisadiyyat və sənayenin
sahələrinə belə təsir edirlər. Gördüyünüz
kimi, korifeyimizin bir hərəkəti ilə qonşu ölkənin sərnişin nəqliyyatı artıq
başqa istiqamətdə inkişaf etmişdir. Odur ki, gedin, papağınızı qoyun qarşınıza,
ona-buna sataşmadan qabaq yaxşı-yaxşı fikirləşin! Korifey artistlərimiz milli dəyərlərimizdir,
sataşmayın milli dəyərlərimizə!